Təlimçilər

Dilarə Nağıyeva (Yoqa üzrə mütəxəssis)

Yolumun əvvəlindən etibarən yoqa, meditasiya, şüuraltı ilə iş və fərqindəlik mənim üçün hər zaman maraqlı olub. Çakraları, enerji kanallarını, insanın daxili aləmini araşdırmışam və zamanla yoqa fəlsəfəsinə dərin sevgi hiss etməyə başlamışam. Yoqa mənim üçün sadəcə fiziki hərəkətlər deyil, həyatın özünü dərk etmə yoluna çevrildi.

İlk vaxtlar yoqanı evdə, yalnız özüm üçün etməyə başladım. Qısa zamanda içimdə böyük dəyişikliklər hiss etdim. Bədənimdə yüngüllük, zehnimdə aydınlıq, daxilən bütövlük və dolğunluq yarandı. Yoqa mənə uzun müddət cavab axtardığım sualların cavabını tapmağa kömək etdi.

Daha sonra həyat yoldaşımla birlikdə yoqa ilə məşğul olmağa başladıq. Praktika hər ikimizi dəyişdi: özümüzü daha yaxşı hiss etdik, özümüzü və bir-birimizi sevməyi, dəyərləndirməyi öyrəndik. Münasibətlərimiz dərinləşdi, dünyagörüşümüz dəyişdi və daha şüurlu hala gəldi. Biz bir-birimiz üçün güclü dayaq olduq.

Zaman keçdikcə yoqanın sağlamlığıma olan təsirini də aydın şəkildə gördüm. Müəyyən sağlamlıq problemlərim var idi və praktika sayəsində vəziyyətim tədricən yaxşılaşdı. Yaddaşım gücləndi, daxili toparlanma yarandı, bədənim açılmağa və enerji ilə dolmağa başladı. Bu dəyişikliklər yoqanın gücünə olan inamımı daha da artırdı.

Məhz bundan sonra qərar verdim ki, bu yolu daha dərindən öyrənim. Təlimlərə başladım, kurslar keçdim və biliklərimi peşəkar səviyyədə formalaşdırdım. Beləliklə, yoqa mənim üçün sadəcə şəxsi təcrübə deyil, həyat missiyasına çevrildi və mən yoqa müəllimi oldum.

Bu gün mən sertifikatlı hatha yoqa və kundalini yoqa müəllimi, həmçinin yoqa-kouçam. Artıq üç ildən çoxdur ki, fərdi və qrup dərsləri keçirəm - oflayn və onlayn formatda, azərbaycan və rus dillərində.

Fəaliyyətimdə hatha yoqa, kundalini yoqa, sadhū-terapiya və özüm tərəfindən yaradılmış meditativ praktikaları birləşdirirəm. Şüuraltı ilə iş və özünü proqramlaşdırma üzərində qurulmuş müəllif meditasiya texnikalarımla insanlar daxili bloklardan, qorxulardan və məhdudlaşdırıcı düşüncələrdən yumşaq şəkildə azad olurlar.

Mənim yanımda praktikaya başlayan insanlar zamanla dəyişirlər. Bu dəyişikliklər sakit, təbii və dərin şəkildə baş verir - daxildən. Düşüncə tərzi, hisslər, həyata baxış və özünə münasibət dəyişir.

Mən insanların özlərini təhlükəsiz, rahat və qəbul olunmuş hiss etdikləri bir məkan yaradıram. Bu məkanda insan özünü daha yaxşı tanıyır, öz səsini eşidir və daxili harmoniyasına - sevgi, aydınlıq və daxili işığa qayıdır.

Yoqa mənim üçün özümə gedən yoldur və mən bu yolda insanları sevgi ilə müşayiət edirəm.

Narın Mürşüdlü (Tibbi idman üzrə mütəxəssis)

2016-cı ildən etibarən reabilitasiya sahəsində peşəkar fəaliyyət göstərirəm. Uzun illərin təcrübəsinə əsaslanaraq əsas ixtisaslaşma sahəm uşaqlarda rast gəlinən onurğa problemlərinin - skolioz, duruş pozuntuları və digər funksional əyriliklərin tibbi idman və müalicəvi hərəkətlər vasitəsilə korreksiyası və sağlamlaşdırılmasıdır.

Fəaliyyətim zamanı hər bir uşağa fərdi yanaşma prinsipini əsas götürür, onların fiziki inkişaf xüsusiyyətlərini və ehtiyaclarını nəzərə alaraq məqsədyönlü məşq proqramları tərtib edirəm.

Əsas məqsədim erkən diaqnozun önəmini vurğulamaq, düzgün və təhlükəsiz yanaşma tətbiq etmək, eyni zamanda valideynlərlə maarifləndirici və sıx əməkdaşlıq qurmaqla uşaqların sağlam onurğa inkişafını təmin etməkdir.

İnanıram ki, vaxtında görülən düzgün tədbirlər və davamlı tibbi idman məşqləri uşaqların gələcək sağlamlığının möhkəm təməlini formalaşdırır.