Mənim Hekayəm
Mənim ilk ixtisasım iqtisadçıdır. 2017-ci ildə keçirdiyim bir qəza - kürəyimin üzərinə böyük bir dolabın aşması - həyatımda ciddi dönüş nöqtəsi oldu. Bu hadisədən sonra onurğamda ciddi narahatlıqlar yaranmağa başladı. Həmin dövrdə hamiləlikdən yeni çıxmış bədənim bu zərbəyə tab gətirə bilmədi və ağrılarım daha da şiddətləndi. Bəzən onurğa ağrılarımdan oturduğum yerdən dura bilmirdim, sinir ağrıları tutanda isə ayaqlarımı belə tərpətməkdə çətinlik çəkirdim.
Azərbaycanda bir neçə həkim müayinəsindən keçdim və mənə implantla onurğa əməliyyatı məsləhət görüldü. Bu fikir məni qorxutdu və bir çox insan kimi mən də ümidimi Türkiyədəki həkimlərə bağladım. İstanbulda aparılan müayinələr nəticəsində məlum oldu ki, onurğa sütunumun boyun (cervical), kürək (thoracic) və bel (lumbar) nahiyələrində protruziyalar və fəqərələrarası disk yırtıqları yaranıb və sayı artmaqdadır. Türk həkimlərin verdiyi qərar mənim üçün həyatımı dəyişən bir ümid oldu: əməliyyat yox, doğru pilates.
Məhz öz onurğa ağrılarım səbəbilə 2018-ci ildə pilateslə tanış oldum. Bakıda araşdırmalar apardım və studiyalardan birində pilates dərslərinə qatılmağa başladım. Zaman keçdikcə ağrılarım azaldı, daha sonra isə tədricən yox olmağa başladı. Özümü daha yaxşı hiss edir, gündəlik həyatımı daha rahat yaşayırdım.
Pilateslə məşğul olduqca ona olan sevgim daha da artdı və bu sahəni yalnız məşq səviyyəsində deyil, anatomik və elmi əsaslarla öyrənməyə qərar verdim. Məqsədim mənim kimi onurğa ağrıları yaşayan, lakin pilatesi tanımayan insanlara göstərmək idi ki, bu ağrılardan əməliyyat, iynə və dərmanlar olmadan da - doğru yönləndirilmiş hərəkətlərlə - azad olmaq mümkündür. Necə ki, mən öz bədənimi tanıyaraq əməliyyatsız sağaldım, bunu başqalarına da çatdırmaq istədim.
Ailəmin dəstəyi ilə Türkiyənin “Balanced Body”, “Bodysystem”, “Polestar”, “SEAM Academy”, “Australia Sports Institute” kimi tanınmış beynəlxalq akademiyalarında pilates təhsili aldım. Bundan əlavə, professor Dr. Gökhan Deliceoğlu, fizioterapevt Dr. Gökhan Öztürk və digər mütəxəssislərdən “İnsan anatomiyası və fiziologiyası”, “Skolioz, kifoz, lordoz” və digər onurğa problemləri üzrə təlimlər keçdim.
Zamanla yalnız özümə deyil, ətrafımdakı insanlara da kömək etdikcə onlardan eşitdiyim sözlər mənə böyük motivasiya verdi:
- “Yaxşı ki, sizi tanıdım”
- “Pilates həyatımı dəyişdi”
- “Sizi tanıyandan sonra ağrılarım yox oldu”
- “Artıq bel və kürək ağrılarım yoxdur”
- “Gecələr rahat yata bilirəm”
Bu sözlər pilatesə olan həvəsimi daha da artırdı və işimi daha rahat, daha keyfiyyətli şəkildə görmək üçün öz şəxsi studiyamı qurmağa qərar verdim.
Uşaqlıqdan xroniki asma xəstəliyim olduğu üçün zaman-zaman hormonal dərmanlar qəbul edirdim və bu da çəki artımına səbəb olurdu. Əvvəllər düşünürdüm ki, bu vəziyyət ətrafım tərəfindən düzgün qarşılanmaya bilər. Çünki cəmiyyətimizdə idman instruktorunun mütləq incə və fit olması kimi bir düşüncə formalaşıb. Lakin beynəlxalq təlimlərə qatıldıqca gördüm ki, bir çox peşəkar pilates və fitness təlimçiləri müəyyən sağlamlıq problemlərinə görə çəkili olsalar da, işlərini mükəmməl şəkildə icra edirlər. Bu, mənim düşüncə tərzimi tamamilə dəyişdi.
Eyni zamanda pilatesin yaradıcısı Joseph Pilates-in də asma və revmatizm xəstəsi olduğunu, öz xəstəliyini pilates və doğru nəfəs texnikaları ilə nəzarət altına aldığını öyrəndim. Bu, mənə böyük inam verdi. Daimi məşqlərlə mən də asma tutmalarından, hormonal dərmanlardan və həyatımın bir parçasına çevrilmiş sprey istifadəsindən xilas oldum. Zamanla daha sağlam, daha balanslı bir bədənə sahib oldum.
Pilates studiyası açmaq planlarım reallaşmaq üzrə idi ki, 2020-ci ildə pandemiya başladı və planlarımı yarımçıq saxlamaq məcburiyyətində qaldım. Lakin bu, məni yolumdan döndərmədi. Pandemiyadan sonra təhsilimə davam etdim və yenidən böyük əzmlə, arzularla hədəfimə doğru addımlamağa başladım.
Quracağım studiyada hər bir xanımın özünü evindəki kimi rahat hiss etməsini istəyirdim. Buna görə də tam təmirsiz bir məkan taparaq onu sıfırdan, öz istəklərimə uyğun şəkildə dizayn etməyə qərar verdim. Məkanın seçimi, təmiri və avadanlıqlarla təchiz olunması zaman alsa da, nəticəyə dəyərdi.
Artıq 3 ildir ki, Control Body Pilates Studio öz qapılarını xanımlara açaraq onların həm fiziki, həm də mənəvi sağlamlığına töhfə verir.
Bu gün hamının gördüyü zalın arxasında illərlə davam edən yorğunluq, tərəddüd və təkbaşına verilmiş çətin qərarlar dayanır. Bəzən hər şey mükəmməl olsun deyə son vəsaitimi belə avadanlıqlara xərclədim. Gecə-gündüz araşdırdım, düşündüm və nəhayət arzularımdakı studiyanı ərsəyə gətirdim.
Bu gün “Control Body” mənim üçün sadəcə bir pilates zalı deyil. Bura özümə inam qazandığım, hər divarında zəhmətim olan, hər güzgüsündə mübarizəmi gördüyüm, rahatlıq tapdığım bir məkandır.
İlk günlərdə hər işi özüm görürdüm:
- təmizlik
- müştəri qəbulu
- məşqlərin planlanması
- reklam
- motivasiya
Bəzən hamıya güc verib, axşam tək qalanda öz yorğunluğumu gizlədirdim. Amma hər yeni günə ümidlə, enerji ilə başlayıb yoluma davam edirdim.
Bu gün “Control Body”də məqsədim yalnız bədənləri deyil, insanların özlərinə olan inamını da bərpa etməkdir. Çünki bədəni dəyişmək mümkündür, amma ruhu ayağa qaldırmaq cəsarət tələb edir.
“Control Body” - öz gücünə inanıb sıfırdan ayağa qalxan bir qadının hekayəsidir. Və bu hekayədə məqsədim dayanmaq deyil, daha da böyüməkdir.
Bu hekayə mənimdir.
Və bu, hələ başlanğıcdır.